Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI
“”Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioriteti üzrə artıq 28 yaşayış məntəqəsinə qayıdış təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sayı artıq 55 min nəfər ətrafındadır”.
“TV1” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
O qeyd edib ki, onların təqribən 20 min nəfərə qədəri keçmiş məcburi köçkünləridir:
“Yerdə qalan əhali isə icra hakimiyyəti strukturlarında, tikintidə və digər şirkətlərdə çalışanlardır. Növbəti ilin sonunadək, yəqin ki, biz 100 minlik həddi alacağıq. Yəni 100 mindən çox keçmiş məcburi köçkünlərin geri qayıdışı baş tutacaq”.
“Azad olunmuş ərazilərdə qısa müddətdə nəqliyyat-logistika ilə bağlı 500 km-dən artıq avtomobil yolu çəkilib. 120-130 km uzunluğunda dəmir yolu xətti çəkilib. Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 75%-i tamamlanıb”, – deyə V. Qasımlı əlavə edib.