Azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdən 5 min 420 nəfər məşğulluqla təmin edilib

media-ads_728_90

Ölkənin azad edilmiş ərazilərində məskunlaşdırılan sakinlərdən 5 min 420 nəfərin məşğulluğu təmin olunub.

 “TV1” xəbər verir ki, bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Laçın rayonunda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara təşkil etdiyi mediatur zamanı açıqlanıb.

“Konstitusiya və Suverenlik ili” çərçivəsində təşkil olunan mediatur öz suverenliyini tam bərpa etmiş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də sakinlərin məşğulluğunun təminatı, o cümlədən kiçik təsərrüfatlara yiyələnmələri üçün həyata keçirdiyi tədbirlər barədə media təmsilçilərini əyani şəkildə məlumatlandırmaq məqsədi daşıyıb.

Jurnalistlərə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı Agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 5 min 420 şəxsin məşğulluğu təmin olunub. Onlardan 422 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 249 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 621 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Media nümayəndələri əvvəlcə Laçın rayonunun Sus kənd sakini Namiq Əhmədovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində “Kişi bərbərxanası” zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.

Daha sonra jurnalistlər Laçın şəhər sakinləri Təhminə Abdullayeva, Reyhan Abdullayeva və Altay Qoşnalızadə üçün yaradılmış iş sahələri ilə tanış olublar. T.Abdullayeva və R.Abdullayeva “Kiçik dərzi sexi” zərfi, A.Qoşnalızadə isə “Səyyar kofe evləri” layihəsi üzrə müvafiq aktivlərlə təmin olunublar.

media-ads_728_90
Paylaş