AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb

media-ads_728_90

Bu ilin yanvar–iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana və əks istiqamətə 222 237 sərnişin daşıyıb.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, bu göstərici ilə AZAL Gürcüstanın aviasiya bazarında ən çox sərnişin daşıyan ilk beş aviaşirkət sırasında qərarlaşıb.

2025-ci ilin ilk altı ayında Gürcüstanın hava limanları ümumilikdə 3,5 milyon sərnişinə xidmət göstərib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Gürcüstanın beynəlxalq hava limanları ümumilikdə 7,5 milyon sərnişin qəbul etmişdi (2023-cü ilə nisbətən 24 % çox).

Ayrı-ayrı hava limanları üzrə göstəricilər belədir: Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanı 2 milyon 358 min 937 sərnişinə (+11 %), Kutaisi Beynəlxalq Hava Limanı 833 min 512 sərnişinə (+12 %), Batumi Beynəlxalq Hava Limanı 450 min 330 sərnişinə (+35 %) xidmət göstərib.

Hesabat dövründə Gürcüstanın hava limanlarında beynəlxalq və daxili istiqamətlər üzrə təxminən 17 min reys həyata keçirilib. Onlardan 12 857-si müntəzəm, 3 874-ü isə çarter reysi olub.

Aviaşirkətlərin Gürcüstandakı bazar payına gəldikdə isə, ilk pillədə 642 956 sərnişinlə Macarıstanın “Wizz Air” şirkəti qərarlaşıb. İkinci yeri 284 984 sərnişinlə “Pegasus Airlines”, üçüncü yeri 272 568 sərnişinlə “Georgian Airways”, dördüncü yeri isə 268 959 sərnişinlə “Türk Hava Yolları” tutub.

Bundan əlavə, 2025-ci ilin ilk yarısında Gürcüstanın hava məkanından istifadə etməklə 16 550 ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artım deməkdir. /report/

media-ads_728_90
Paylaş