Azərbaycan 2030-cu ilədək turizmdən daxilolmaları iki dəfə artırmağı hədəfləyir

media-ads_728_90

Azərbaycanın 2026–2030-cu illər üzrə turizm strategiyasının əsas iqtisadi hədəfləri açıqlanıb.

“TV1” xəbər verir ki, Dövlət Proqramına əsasən, turizm sektoru qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionlarda məşğulluğun genişləndirilməsi və ölkəyə xarici valyuta daxilolmalarının artırılması baxımından əsas inkişaf istiqamətlərindən biri olacaq.

Proqramda turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6 milyard 962,8 milyon manatdan 2030-cu ildə 12 milyard 170,9 milyon manata çatdırılması proqnozlaşdırılır. Bu, proqram dövründə real ifadədə təxminən 40% artım deməkdir.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə əlavə dəyərin isə 3 milyard 573 milyon manatdan 6 milyard 189,3 milyon manata yüksəlməsi nəzərdə tutulur. Bu seqment üzrə orta illik real artımın 7,2% təşkil edəcəyi gözlənilir.

Turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-indəki payının 7,5%-dən 8,6%-ə, muzdlu əmək bazarındakı payının isə 4,8%-dən 5,7%-ə çatdırılması hədəflənir.

Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin 2025-ci ildəki 3,3 milyard manatdan 2030-cu ildə 6,3 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, turizm üzrə daxilolmaların təxminən iki dəfə artması nəzərdə tutulur.

Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 2 milyon 570,2 min nəfərdən 3 milyon 798,8 min nəfərə, daxili turistlərin sayının isə 5 milyon 862,2 min nəfərdən 7 milyon 367,6 min nəfərə çatdırılması planlaşdırılır. Mehmanxanalarda gecələmələrin sayı 4 milyon 569,5 min gecədən 6 milyon 321,2 min gecəyədək artırılmalıdır.

media-ads_728_90
Paylaş