Azərbaycan qaz ixracına strateji yanaşmasını AÇIQLADI
“Azərbaycanın qaz ixracı həcmlərinin artırılmasının əsas məqsədi kommersiya baxımından faydalı nəticələr əldə etməkdir”.
“TV1” xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, qaz ixracının həcminin artırılması və ya sabit saxlanılması özü-özlüyündə məqsəd deyil:
“Əsas məqsəd odur ki, Azərbaycan öz üzərinə götürdüyü müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirsin. Bu, ölkəmizin beynəlxalq nüfuzuna xidmət etməli və eyni zamanda kommersiya nöqteyi-nəzərindən səmərəli olmalıdır. Yəni burada əsas qiymətləndirmə meyarı rəqəmlər deyil, bu kimi faktorların və nəticələrin birgə sintezidir”.
Nazir əlavə edib ki, qaz bazarında vəziyyət daim dəyişkən xarakter daşıyır və bu dinamika planlaşdırmanı da şərtləndirir.
“Bu səbəbdən məqsəd kimi sadəcə rəqəmləri deyil, yuxarıda sadalanan kriteriyaların ümumi balansını əsas götürməliyik”, – deyə M.Cabbarov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 4 milyard 541 milyon 622,15 min ABŞ dolları dəyərində 12 milyard 364 milyon 984,82 min kubmetr həcmində təbii qaz ixrac edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,56 %, dəyəri isə 11,62 % çoxdur. /report/