Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli ölkəsidir - Aleksey Overçuk
Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli ölkəsidir. Azərbaycan öz ərazisində beynəlxalq səviyyədə mühüm xarakter daşıyan infrastruktur layihələr həyata keçirib. Müasir yol şəbəkəsinin, nəqliyyat qovşaqlarının qurulmasına və dəmir yollarının çəkilməsinə böyük sərmayələr yatırıb.
“TV1” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İranın Astara şəhərində Cənub Yük Terminalına və Rəşt-Astara dəmir yoluna keçirilən baxış zamanı deyib.
O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ondan istifadə edən sürücülər, daşıyıcılar, ixracatçılar və idxalçılar üçün maksimum rahat olmalıdılar ki, yükdaşımanın həcmi artsın.
“Əgər biz 2030-cu ilə kimi dəhlizlə daşınan yüklərin həcmini 15 milyon tona çatdırmağı planlaşdırırıqsa, onda gərək bunun üçün imkanlar yaradaq. Qeyd etdiyim kimi Azərbaycan bu istiqamətdə çox işlər görüb. Rusiya ilə İran Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsini yekunlaşdırıb birlikdə istismara verəcəklər. Rusiya ilə Azərbaycan sərhədində nəzarət-keçid işləri effektiv həyata keçirilib, müasir avadanlıqlar alınıb, elektron sənəd dövriyyəsi yaradılıb. İran tərəfində də buna nail olmaq vacibdir. İxrac və idxal yüklərinin, malların daşınması ilə məşğul olan avtomobil daşıyıcılarının işinin effektivliyi İran tərəfdəki nəzarət-keçid məntəqələrinin işinin effektivliyindən asılıdır. Bu gün İranda olarkən gördük ki, Azərbaycan tərəfinə İrandan daxil olmaq üçün növbədə dayanan yük maşınlarının əksəriyyəti Rusiya avtomobilləridir. Bu, ölkələrimiz arasında sıx iqtisadi-ticarət əlaqələrin mövcud olması baxımından çox yaxşıdır”, – deyən Rusiya Baş nazirinin müavini vurğulayıb ki, Rəşt-Astara dəmir yolunun tamamlanmasından sonra dəhlizlə daha çox yük daşınacaq ki, bu da həm Rusiya, həm Azərbaycan, həm də İran üçün iqtisadi səmərə qazandıracaq.