Azərbaycanda Milli Dirçəliş Günüdür

media-ads_728_90

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının milli özünüdərkinin oyanmasında, azadlıq və müstəqillik ideyalarının geniş vüsət almasında mühüm mərhələ olan 17 Noyabr – Milli Dirçəliş Günü tariximizin ən əlamətdar günlərindən biridir. Bu gün xalqımızın milli birliyini, azad yaşamaq istəyini, öz taleyini müstəqil müəyyənləşdirmək əzmini və dövlətçilik iradəsini təcəssüm etdirir. 1988-ci ilin noyabrında Bakının əsas meydanında başlanan kütləvi etiraz aksiyaları təkcə ictimai-siyasi hadisə deyil, həm də Azərbaycan xalqının milli oyanışının, tarixi yaddaşının və istiqlal mübarizəsinin yeni mərhələsinin başlanğıcı idi.

“TV1” xəbər verir ki, bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı – red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlayıb. İnsanlar meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

Bununla Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atıb. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olundu.

17 Noyabrın əhəmiyyəti yalnız 1988-ci ilin hadisələrini xatırlamaqla məhdudlaşmır. Bu gün xalqımızın milli iradəsinin, azadlıq düşüncəsinin və dövlətçilik ənənələrinin davamlılığını ifadə edir. Milli Dirçəliş Günü Azərbaycan xalqına bir daha xatırladır ki, müstəqillik böyük tarixi mübarizənin nəticəsidir və onu qorumaq hər bir nəslin məsuliyyətidir.

Bu gün müstəqil Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri həmin tarixi mübarizənin əhəmiyyətini daha aydın göstərir. Milli dirçəliş ideyası xalqın öz tarixinə, dilinə, mədəniyyətinə və dövlətçilik irsinə bağlılığının ifadəsi olmaqla yanaşı, gələcəyə inamın da əsas dayaqlarından biridir.

Milli Dirçəliş Günü xalqımızın birlik və həmrəylik tarixini yaşatmaq, müstəqilliyin dəyərini gələcək nəsillərə çatdırmaq və dövlətçilik ənənələrimizi daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

media-ads_728_90
Paylaş