Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yüklər göndərilib
Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti tranzit yükdaşımaları həyata keçirilib.
“TV1” xəbər verir ki, bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan taxıl yükləri yola salınıb. Bu gün həm də 2 vaqondan ibarət, ümumi çəkisi 133 ton olan alüminium məhsulları da tranzit qaydasında daşınır. Alüminium yükləri bu marşrut üzrə ilk dəfə göndərilir.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit olaraq 26 min tondan çox taxıl, 3 min 800 tondan artıq gübrə və 68 ton qarabaşaq daşınıb. Bu göstəricilər regionda nəqliyyat-logistika imkanlarının genişlənməsini və tranzit marşrutlarının səmərəli fəaliyyətini nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam etdirilir. İndiyədək Ermənistana 8 min 500 tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2 min 955 ton Aİ-95 markalı benzin ixrac olunub.








