Azərbaycanın 9 universiteti “QS 2026” qlobal reytinqinə daxil olub - İLK DƏFƏ
“QS 2026” qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib.
“TV1” xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak ediblər.
Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş “QS 2026” qlobal reytinqinə Azərbaycandan ilk dəfə 9 universitet daxil olub. Bu göstərici ötən ilə nisbətən 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan sözügedən reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan cəmi universitet sayından 3 dəfə çoxdur.