Azərbaycanın milli kulinariya ənənələri Türkmənistanda nümayiş etdirilir
Türkmənistanda keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində təşkil olunan “Azərbaycan Milli Günləri”də Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzi milli kulinariya nümunələrini təqdim edir.
“TV1” bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, Avaza Milli Turizm Zonasında keçirilən tədbirin sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi yeməkləri və milli şirniyyatları, həmçinin kulinariya ənənələri nümayiş etdirilir.
Sabah başa çatacaq tədbirdə ziyarətçilərə stendin konsepsiyasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli qastronomiya elementləri və Türkmənistanla mədəni oxşarlıqları bölüşən kulinariya nümunələri əsasında hazırlanması, eləcə də dayanıqlılıq elementləri nəzərə alınaraq hazırlanması haqqında məlumat verilib, çörəkbişirmə ənənələri üzrə türkmən xalqının mətbəx mədəniyyəti ilə oxşarlıq təşkil edən qutab və təndir kimi mətbəx nümunələri vurğulanıb.