Azərbaycanın Türkmənistana hədiyyə etdiyi “Dostlug” tankeri Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb - VİDEO
Azərbaycanın Türkmənistana hədiyyə etdiyi “Dostlug” tankeri Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb.
“TV1” xəbər verir ki, yeni gəminin və onun heyətinin gəlişi münasibətilə limanda konsert proqramı ilə müşayiət olunan təntənəli mərasim təşkil edilib.
Tankeri limanda rəsmi şəxslər, liman xidmətinin əməkdaşları, ağsaqqallar və gənclər qarşılayıblar. Qonaqlar üçün türkmən yaradıcı kollektivləri və rəqs ansamblları çıxış edib, gəmi heyəti isə milli təamlarla qarşılanıb.
Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin və Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.
Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.








