“Azərpoçt” MMC və “Temu” arasında əməkdaşlığa başlanılıb

media-ads_728_90

“Azərpoçt” MMC rəqəmsal logistika həllərinin genişləndirilməsi istiqamətində növbəti əməkdaşlığa başlayıb. Bu məqsədlə “Azərpoçt” MMC ilə qlobal elektron ticarət platforması olan “Temu” nümayəndələri arasında görüş keçirilib.

“TV1” xəbər verir ki, “Azərpoçt” MMC-nin beynəlxalq bağlamaların daşınması üzrə ixtisaslaşmış “Postcargo” brendi “Temu” platforması ilə birgə fəaliyyətə başlayıb.

Bu əməkdaşlığın istifadəçilər üçün faydası olduqca mühümdür. Belə ki, “Temu” platforması üzərindən yerli istifadəçilərin etdiyi alış-verişlər indi daha sürətli və rahat şəkildə ünvana çatdırılacaq. Xüsusilə regionlarda yaşayan vətəndaşların bağlamalarının qeyd etdikləri ünvana birbaşa kuryerlə çatdırılması bu layihənin əsas üstünlüklərindən biri hesab olunur.

Qeyd edək ki, hazırda “Postcargo” ölkə üzrə 800-dən çox filial və təhvil-təslim məntəqəsi (PUDO) ilə müştərilərin xidmətindədir.

“Temu” platformasına inteqrasiya Azərbaycanın beynəlxalq ticarət zəncirindəki rolunun genişlənməsinə və milli brendin tanıdılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, sözügedən əməkdaşlıq “Postcargo”ya qlobal bazarın seçimlərini yerli bazara gətirərək müştərilər üçün daha əlçatan və rəqabətədavamlı xidmətlər təqdim etməyə imkan yaradacaq.

“Temu” milyonlarla istehsalçı, brend və biznes tərəfdaşını istehlakçılarla birləşdirən qlobal elektron ticarət platformasıdır. Hazırda dünyanın 90-dan çox bazarında fəaliyyət göstərən “Temu” istehlakçılara münasib qiymətlərlə yüksəkkeyfiyyətli məhsullara çıxış imkanı yaradaraq onların həyat keyfiyyətini yaxşılaşdırmağa önəm verir.

media-ads_728_90
Paylaş