media-1200x100

Bakı-Sumqayıt qatarlarında qiymətlər dəyişdi

media-ads_728_90

Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tarifləri dəyişib.

“TV1” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

O bildirib ki, 25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək:

“ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzil başına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.

Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

Qeyd edək ki, 2024–2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY tərəfindən reyslər üzrə mütəmadi reydlər həyata keçirilib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə proflaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib.

Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb.

Görülmüş bütün bu işlərin nəticəsi olaraq yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda – təqribən 37 min sərnişin daşınır”.

Qeyd edək ki, bundan əvvəl ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qədər artırılıb. Hazırda Bakı- Sumqayıt qatarları üzrə gediş haqqı üzrə maksimal tarif 1 manat təşkil edir. Bu istiqamət üzrə günlük sərnişin daşıma isə ən yüksək həddə çatıb.

media-ads_728_90
Paylaş