Bakıda 30-cu Xəzər İnşaat Həftəsi keçirilir
Bakıda 30-cu Xəzər İnşaat Həftəsi – “Caspian Construction Week” keçirilir. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri – 30-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic” birləşdirir.
“TV1” xəbər verir ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.
Bu il “BakuBuild” sərgisi 30 illik yubileyini, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.
Hazırda tikinti sektoru Azərbaycan iqtisadiyyatının ən dinamik və strateji əhəmiyyətə malik sahələrindən biridir. Qarabağın bərpası, şəhərsalma və yol-nəqliyyat infrastrukturunun inkişafı üzrə həyata keçirilən genişmiqyaslı proqramlar bu sahəyə xüsusi önəm qazandırıb. 30 il ərzində 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 mindən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week”, inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.
Tədbirə dəstək göstərən qurumlar sırasında İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır. “KOBİA”, “AZPROMO”, Qarabağ Dirçəliş Fondu, “MİDA” və “ASK” sərgidə stendlərlə təmsil olunur.
Yubiley həftəsinin baş sponsoru Azərbaycanda daşınmaz əmlakın inkişafı, investisiya və idarə olunması üzrə aparıcı şirkətlərdən biri olan “PMD Group”dur. Tədbirin rəsmi bank tərəfdaşı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PASHA Bank” çıxış edir. “Rebuild Karabakh” sərgisinin rəqəmsal həllər üzrə rəsmi tərəfdaşı isə “AzinTelecom” şirkətidir.
Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.
“BakuBuild” sərgisində şirkətlər tikinti və istehsal avadanlıqları, döşəmə örtükləri, interyer həlləri, işıqlandırma və izolyasiya sistemləri nümayiş etdirəcəklər. Həmçinin keramika və üzlük daşları, landşaft materialları, metal məhsulları, pəncərə və qapılar, fitnes avadanlıqları və digər məhsullar təqdim olunacaq.
“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edəcəklər.
“Aquatherm Baku” sərgisi çərçivəsində borular və boru kəmərləri, hovuzlar, enerji idarəetmə sistemləri, filtrlər, fitinqlər, hava nəmləndiriciləri, havalandırma qurğuları, hava qızdırıcıları, isitmə sistemləri, kompressorlar, kondisionerlər, konvektorlar, soyuducular, ventilyatorlar, klapanlar və digər mühəndis avadanlıqları nümayiş etdiriləcək.
“Plastex Caspian” sərgisində müasir avadanlıqlar və texnologiyalar, xammal və kimyəvi maddələr, eləcə də hazır plastik məhsullar təqdim olunacaq. Bu il sərgidə xüsusilə Çindən olan aparıcı şirkətlərin iştirakı sənayenin inkişafına və beynəlxalq əməkdaşlıqların genişlənməsinə təkan verəcək.
“Road&Traffic” ixtisaslaşmış sərgisi yol təhlükəsizliyi və nəqliyyat infrastrukturuna dair həllərin təqdim olunacağı platformadır. Şirkətlər intellektual nəqliyyat sistemləri, hərəkət idarəetmə texnologiyaları, ictimai nəqliyyat, texnika üçün sürtkü materialları, yanacaqpaylayıcı avadanlıqlar və digər məhsulları nümayiş etdirəcəklər.
Bu il “Rebuild Karabakh” sərgisi üçün xüsusi önəm daşıyır. Belə ki, sərgi öz ilk yubileyini qeyd edir. Sərgi ilk dəfə 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən sonra təşkil olunub. O dövrdə təşkilatçılar azad edilmiş ərazilərin bərpası və yenidənqurulmasına, dövlət-özəl tərəfdaşlığın möhkəmləndirilməsinə və ən perspektivli layihələrin nümayişinə həsr olunmuş ixtisaslaşmış platforma yaratmaq qərarına gəliblər. Ötən illər ərzində sərgidə 300-ə yaxın yerli və beynəlxalq şirkət iştirak edib. İlk sərgidən etibarən Qarabağın yenidənqurulması və bərpasına dair hazırda uğurla icra olunan bir sıra layihələr – Füzuli Beynəlxalq Hava Limanı və “ağıllı kənd” (Smart Village) layihələri burada təqdim olunub.
Bundan əlavə, bu platformada Qarabağ Dirçəliş Fondunun iştirakı ilə bərpa işlərinin strateji istiqamətlərini müəyyənləşdirən panel sessiyaları təşkil olunub.
Sərginin ayrılmaz hissəsi onun sosial missiyasıdır: Hər il ənənəvi olaraq işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 137 772,16 dəyərində ianə bağışlanmışdır. Bu ənənə sərginin mühüm elementidir və gələcəkdə də davam etdiriləcək.
“Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması istiqamətində vacib platformaya çevrilib. Yubiley ilində əsas tədbirlərdən biri Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı – “Qarabağ Kuboku” olacaq. Bu layihə Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq. Sərginin sonuncu günü “Qarabağ Kuboku” Fərdi Yarışlarının mükafatlandırma mərasimi keçiriləcək. Beləliklə, “Rebuild Karabakh” sərgisi işgüzar, sosial və mədəni istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün təcrübə mübadiləsi və yeni ideyaların formalaşdığı mühüm platforma rolunu oynayır.
Hər il olduğu kimi bu il də Xəzər İnşaat Həftəsi çərçivəsində aparıcı tikinti mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və sessiyalar keçiriləcək. Burada innovativ texnologiyaların tətbiqi, yeni keyfiyyət standartlarının müəyyənləşdirilməsi və azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunacaq. Proqramda “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli”, “Təchizat zəncirinin maliyyələşdirilməsi”, “AZCON Holding və idarəetməsinə verilmiş dövlət müəssisələrinin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gördüyü işlər”, “Kompromissiz keyfiyyət: Tikinti materiallarında keyfiyyət modeli”, “Gələcəyin memarlığı: Yeni trendlərin və innovativ yanaşmaların formalaşması”, “Yaşıl gələcək üçün nəqliyyat: ictimai sistemlərin inkişafı və ekoloji təmiz avtomobillər”, “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” , “Azərbaycanda yol xətt və yol nişanlama sisteminin inkişaf” və s. mövzularda sessiyalar, eləcə də “Dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər” konfransı yer alır.
Ənənəvi olaraq, tədbirin mühüm hissəsini ikitərəfli görüşlər (B2B və B2G) təşkil edəcək. Bu görüşlər iştirakçılara əməkdaşlıq perspektivlərini birbaşa müzakirə etmək, işgüzar əlaqələri genişləndirmək və yeni bazarlara çıxış imkanı yaradacaq.
Yubiley proqramı çərçivəsində “Yaşıl Qarabağ Səninlə Başlayır” adlı ianə köşkü təşkil olunub. Sərginin ziyarətçiləri və iştirakçıları burada Qarabağ Dirçəliş Fonduna ianə etməklə Qarabağda ağacların əkilməsinə töhfə verə biləcəklər. Azərbaycan Memarlar İttifaqı tərəfindən təşkil olunan VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalib işlərinin qalereyası təqdim olunub.
Bundan əlavə, sərgidə “Qarabağın Rəngləri” Qrafiti İncəsənət Məkanı fəaliyyət göstərəcək. Burada ziyarətçilər “Rebuild Karabakh” sərgisinin yubileyinə həsr olunmuş rəsm əsərini rəngləyəcəklər.
Builki yubiley proqramı çərçivəsində təşkilatçılar tərəfindən illərdir davam edən qarşılıqlı etimad və sadiqliyin rəmzi olaraq, “Rebuild Karabakh” sərgisində 4 ildən, “BakuBuild” sərgisində isə 10 ildən artıq müddətdə iştirak edən şirkətlərə xüsusi təşəkkür sertifikatları təqdim olunacaq. Tədbir çərçivəsində “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunub. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.
Xəzər İnşaat Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmayacaq. Tədbirin 30 illik yubileyi münasibətilə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb. İnşaat sahəsində yüksək nəticə göstərən və universiteti müvəffəqiyyətlə bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdiriləcək. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən xüsusi mükafat təqdim olunacaq.
Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. “Caspian Construction Week” Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənir.