Biləcəridə ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb, yaralılar var - YENİLƏNİB 3/- VİDEO
Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.
Qeyd olunur ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib:
“Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da, bioloji ölüm faktı qeydə alınıb.
11:19 —————————————————————————————————————————————
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
“TV1” xəbər verir ki, İdarədən verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
10:28 ———————————————————————————————————————————————
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, qəza hadisəsi Biləcəri dairəsində baş verib.
Körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirib və aşağıdakı avtomobillərin üzərinə düşüb.
Hadisə nəticəsində bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alanlar var.