Bakıda “Women in Cyber” Beynəlxalq Konfransı KEÇİRİLİB

media-ads_728_90

Oktyabrın 11-də Bakıda “Women in Cyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfrans təşkil olunub.

“TV1” xəbər verir ki, tədbir “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub və “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilib.

Konfransın əsas tərəfdaşları kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çıxış edib.

Tədbirin açılış mərasimində çıxış edən XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov qadınların kibertəhlükəsizlik sahəsində iştirakının və liderlik potensialının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, qadınların kibertəhlükəsizlikdə liderliyini təşviq etməklə region üçün daha təhlükəsiz, ağıllı və inklüziv gələcəyə sərmayə qoyulur. Eləcə də T.Məmmədov müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində artan rolunun milli və regional inkişaf gündəliyində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Moldovanın Avropa Siyasi Araşdırmalar İnstitutunun direktoru, məsuliyyətli süni intellekt məsələləri üzrə qubernator, kibertəhlükəsizlik üzrə ekspert Natalya Spinu qeyd edib ki, Şərq Tərəfdaşlığı regionunda kibertəhlükəsizlik sahəsi dönüş nöqtəsindədir. Ölkələr rəqəmsal transformasiyanı sürətləndirir, müdafiə mexanizmlərini gücləndirir, lakin kibertəhlükəsizlikdə qadınların liderlik mövqelərində təmsilçiliyi hələ də kifayət qədər inkişaf etməyib: “Bu gün Bakıda keçirilən “Women in Cyber” adlı regional görüş bu sahədə çalışan qadın mütəxəssislər üçün unikal platforma yaradaraq bilik mübadiləsi, peşəkar əlaqələrin qurulması və sərhədləri aşan əməkdaşlıq imkanlarını genişləndirib. Avropa İttifaqı baxımından kiberdavamlılığın təmin edilməsi təkcə texnologiya ilə məhdudlaşmır. Bu, həm də inklüzivlik, müxtəliflik, hibrid təhdidlərə, dezinformasiya kampaniyalarına, məlumatların qorunmasına və süni intellektin etik idarəçiliyinə yönəlik yanaşmanı əhatə edir. Təcrübə göstərir ki, müxtəlifliyə əsaslanan komandalar daha innovativ, dayanıqlı və effektiv həllər təqdim edirlər”.

Konfransda “Femmes Digitales” təşkilatının təsisçisi və sədri Jana Krimpe, e-Governance Academy (eGA) təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neeme, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Nataliya Tkaçuk və digər beynəlxalq ekspertlər də çıxış ediblər.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak ediblər. Tədbirin məqsədi qadın kibertəhlükəsizlik mütəxəssisləri arasında peşəkar əlaqələrin qurulması, region ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi və davamlı bilik mübadiləsi üçün platforma formalaşdırmaq olub. Eyni zamanda, konfrans iştirakçılara mədəni mübadilə, müxtəlif iş mühitlərində qarşılıqlı təcrübə öyrənmək və peşəkar inkişaf üçün konkret addımlar müəyyənləşdirmək imkanı yaradıb.

media-ads_728_90
Paylaş