Fransada kütləvi etirazlar başlayıb
Fransada ölkənin müxtəlif şəhərlərində, o cümlədən Parisdə kütləvi etiraz aksiyaları başlayıb.
“TV1” xəbər verir ki, yuxarı sinif şagirləri və ali təhsil ocaqlarının tələbələri oxuduqları təhsil müəssisələrinin girişlərini bağlayırlar.
“Figaro” qəzetinin məlumatına görə, Parisdə səhərdən etibarən şagirdlər 13 liseyin girişini bağlayıblar ki, bu da bəzi hallarda hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə nəticələnib. Nümayişçilər həmçinin Paris Universitetinin korpuslardan birinə girişi əngəlləyiblər.
Qeyd edək ki, Fransada hökumətin təklif etdiyi büdcə ixtisarlarına etiraz olaraq ölkədə ümummilli tətil elan olunub, gün ərzində əsas həmkarlar ittifaqlarının iştirakı ilə ölkədə kütləvi nümayişlərin və yürüşlərin təşkil olunacağı gözlənilir.
Aksiyalar yeni baş nazir Sebasten Lekornunun ölkənin böyük büdcə kəsiri və borcunu həll etmək üçün siyasi rəqiblərlə danışıqlar aparması fonunda elan edilib. Həmkarlar ittifaqları Lekornunun sələfinin ( əvvəlki baş nazirin) təqdim etdiyi, sosial təminat ödənişlərinin dondurulması və sərt qənaət siyasətini nəzərdə tutan büdcə layihəsindən imtina etməsini tələb edirlər.