Hər gün istifadə etdiyimiz şəbəkə cihazları necə ələ keçirilə bilər? - AÇIQLAMA

media-ads_728_90

Şəbəkə cihazları adətən əvvəlcədən təyin olunmuş standart şifrələrin saxlanılması, uzaqdan idarəetmə protokollarının açıq olması və köhnəlmiş proqram təminatı səbəbindən ələ keçirilir. Daha sonra bu cihazlar botnetlərə qoşularaq genişmiqyaslı DDoS hücumlarında istifadə olunur.

“TV1” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, administrativ girişin möhkəmləndirilməsi məqsədilə, şəbəkə cihazlarına bir sıra hallarda istehsalçı tərəfindən əvvəlcədən təyin olunmuş standart istifadəçi adı və şifrələr verilə bilər. Bu məlumatları model və istehsalçıya görə internetdə asanlıqla tapmaq mümkündür. Buna görə də, cihazın idarəetmə panelinə daxil olaraq həmin standart istifadəçi adı və şifrələr mütləq dəyişdirilməlidir.

Vurğulanıb ki, “Wi-Fi” şəbəkəsi ən son şifrələmə standartlarından (“WPA2” və ya “WPA3”) istifadə edilməklə şifrələnməlidir. Bu zaman güclü şifrə (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 8-12 simvol uzunluğunda) seçilməlidir.

Şəbəkə cihazlarının proqram təminatı (firmware) mütləq yenilənməlidir. Son nəsil cihazlarda proqram təminatı avtomatik yenilənir. Köhnə cihazlar üçün yenilənməni isə vaxtaşırı istifadəçi yerinə yetirməli, yenilənmə qəbul etməyən qurğuları dəyişdirməlidir.

Şəbəkə cihazlarında mümkün olduğu halda “WPS” funksiyası söndürülməlidir. Şəbəkə cihazlarının sazlamalarından MAC ünvan filtiri qura bilərsiniz. Bu şəbəkəyə yalnız icazə verdiyiniz xüsusi qurğuların qoşulmasına imkan verir. “Wi-Fi” şəbəkəsinin şifrəsi kənar şəxslərlə paylaşılmamalıdır.

Qeyd edək ki, son dövrlər dünyada şəbəkə cihazlarının ələ keçirilməsi yolu ilə genişmiqyaslı DDoS hücumları halları artmaqdadır. Hətta ötən ay Moldovada parlament seçkisi ərəfəsində minlərlə vətəndaşa aid şəbəkə cihazının ələ keçirilməsi ilə Mərkəzi Seçki Komissiyasının (CEC) serverlərinə qarşı kütləvi trafik yaradıldığı barədə xəbər verilmişdi. Rəsmi məlumata görə, hücumlar genişmiqyaslı trafik yaratmaq üçün ev cihazlarını botnetə qoşmaqla yerinə yetirilmişdi.

media-ads_728_90
Paylaş