Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına BAŞLANDI
“Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb”.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında bildirib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə 2021-ci ildə başlanıldığını xatırladan tikinti meneceri qeyd edib ki, dəmir yolu xəttinin ümumi uzunluğu 110,4 km-dir (yan yollarla birlikdə 140,6 km): “Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobil keçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çox mühəndis qurğularının tikintisi həyata keçirilir. Ox üzrə 60 metr enində minatəmizləmə işləri başa çatdırılıb”.
Ə.Cavad vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: “Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir. Layihənin keçdiyi bu ərazilər sərt dağlıq və qayalıq relyefləri olduğundan qazma işləri bəzən partladılma formasında icra edilir”.
O qeyd edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyef Xudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundan qorunması üçün əlavə körpülər tikilib: “3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşası davam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşa edilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləri yekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsulla inşa edilən tuneldə isə beton-suva işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fiziki tərəqqi isə 67% təşkil edir”.