İlham Əliyev: "907-ci düzəlişin ləğvi tarixi hadisədir" - VİDEO
“ABŞ ilə memorandum Azərbaycan qarşısında geniş imkanlar açır”.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mediaya müsahibəsində deyib.
O bildirib ki, bu gün ABŞ- Azərbaycan əlaqələrində yeni səhifə açılır- Əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi:
“Əlbəttə, Azərbaycanın milli maraqlarının qorunması üçün ABŞ ilə bu səviyyədə münasibətlərin qorunması çox vacibdir. Prezident Trampla görüşümüz çox səmimi keçdi. Dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə olundu. Strateji tərəfdaşlıq xartiyasını hazırlamaq üçün strateji işçi qrup da yaradılmışdı. Bu sənədin böyük əhəmiyyəti var. Burada gələcək əməkdaşlıq istiqamətləri də açıq- aydın təsbit edilib.
Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və digər məsələləri ehtiva edir. Bu istiqmaətlərin sadalanması onu göstərir ki, ölkələrimiz qarşısında nə qədər böyük imkanlar açılır. Azərbaycanı tərəfini təmsil edəcək tərkib müəyyən edilib. Səfərim çərçivəsində ABŞ-nin aparıc şirkətləri ilə görüşlər keçirilib. Biz vaxt itirmək istəmirik.
Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili itirilmiş illər kimi qiymətləndirirəm. Bayden administrasiyası dövründə Azərbaycan- ABŞ əlaqələri Azərbaycan – Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. İndi biz vaxt itirə bilərik. Səfərin çox mühüm əhəmiyyəti var. Prezident Trampla bu mənim birinci görüşümdür. Onun Azərbaycanla bağlı bilgiləri sözün düzü məni təəccübləndirdi.
O bir çox məsələləri dərindən bilir, Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, ABŞ-yə həmişə dost ölkə olmasını cənab Tramp yaxşı bilir. Əlbəttə, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. 907-ci düzəlişin ləğvi tarixi hadisədir. Strateji əməkdaşlıq formatına artıq başlamağımız da tarixi hadisədir. Səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu nəticələr yaxın gələcəkdə özünü biruzə verəcək”.