İstanbulda Bəxtiyar Vahabzadənin barelyefi AÇILIB
İstanbulun mərkəzi hissələrindən olan Sarıyer rayonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefinin açılışı olub.
“TV1” xəbər verir ki, abidənin açılış mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədə fəaliyyət göstərən dövlət qurumları və bələdiyyənin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva mədəniyyətimiz və qardaşlığımızın rəmzlərindən biri olan belə bir abidənin yaradılmasında iştirak etməkdən məmnunluğunu bildirib. O deyib: “Açılışını etdiyimiz bu abidə bir əsər olmaqla yanaşı, iki xalqın ortaq hafizə və könül birliyinin təzahürüdür. Bəxtiyar Vahabzadə sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələmi idi. Türk dünyasının mənəvi birliyini bu qədər açıq şəkildə dilə gətirən ikinci şair tapmaq çətindir. O, milli mübarizəmizdə qələmini qılınc kimi istifadə edərək milli dəyərlərimizin yenidən oyanması, qardaş millətlərin hər zaman bir-birinə dəstək olmasının əhəmiyyətinə inanan dahi şəxsiyyət idi. Azərbaycan Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı onun fikirlərinə olan böyük hörmətin göstəricisidir”.
Çıxışında layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edən Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev bu əsərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulayıb. “Bəxtiyar Vahabzadə sovet hakimiyyətinin ən repressiv dövrlərində “Gülüstan” kimi bir əsəri yazıb. Ümumiyyətlə, o, milli şüurumuzun diriliş şairlərindən biri olmaqla yanaşı, gələcəyə baxışımızın da formalaşmasında mühüm rol oynayıb. Bəxtiyar Vahabzadə sənətinə Azərbaycanda daima çox böyük hörmət göstərilib. Bunun ilk nümunəsi Ulu Öndər Heydər Əliyevin Bəxtiyar Vahabzadəni milli şair adlandırması idi. Bu, böyük addır. Şairə olan böyük hörmətin daha bir nümunəsi Azərbaycan Prezidentinin onun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamda Bəxtiyar Vahabzadənin bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamasını qeyd etməsidir”, – deyən Elməddin Mehdiyev barelyefin açılışının Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü kimi tarixi əhəmiyyət kəsb edən bir günə təsadüf etməsini də yüksək qiymətləndirib.
Barelyefin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev çıxışında belə bir əsəri ərsəyə gətirdiyi üçün fəxarət hissi keçirdiyini deyib. O bildirib ki, bu, onun Bəxtiyar Vahabzadə obrazı üzərindəki ilk işi deyil və Türkiyədə ümumiyyətlə ərsəyə gətirdiyi beşinci əsərdir. İstanbulda ucaldılan, fəxr etdiyi əsərlərindən biri də Sarıyerdə yerləşən Heydər Əliyev parkındakı Ulu Öndərin abidəsidir.
Sarıyer bələdiyyəsinin sədri Mustafa Oktay Aksu isə barelyefin açılışının məhz onun rəhbərliyi dövrünə düşməsindən fəxr etdiyini bildirərək Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizidir” kəlamlarını misal çəkib.
Sonra barelyefin açılışı olub.