Kibertalamalarla bağlı vətəndaşlara çağırış - DİN

media-ads_728_90

Daxili İşlər Nazirliyi (DİN) kibertalamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış ünvanlayıb.

“TV1” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıblar, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər. Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib, telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər”, – deyə çağırışda bildirilib.

Həmçinin bir daha qeyd edilib ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib, ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. “Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə, heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur. Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!”, – deyə çağırışda vurğulanıb.

media-ads_728_90
Paylaş