“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən qrant müsabiqəsinin qalibi olan gənclər və gənclər təşkilatları ilə 26 sentyabr 2025-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş təşkil edilib.
“TV1” xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli, 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na uyğun olaraq cari ilin 23 iyun – 30 iyul tarixlərində keçirilən qrant müsabiqəsinin əsas məqsədi dövlətçiliyin əsas sütunlarından olan Konstitusiya və suverenlik mövzularında gənclərin təşəbbüslərini dəstəkləmək, hüquqi savadlılıq səviyyəsini artırmaq və milli-mənəvi dəyərlərə bağlılıqlarını möhkəmləndirməkdən ibarət olub.
Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qalibləri təbrik edərək icra olunacaq layihələrin gənclər arasında Konstitusiyanın mahiyyətinin təbliği, onların hüquqi biliklərin artırılması və dövlətçilik ənənələrinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Xüsusilə qeyd edilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəstəklənən layihələr gənclərdə vətəndaş məsuliyyətinin formalaşmasına mühüm töhfə verəcəkdir.
Eyni zamanda, görüş çərçivəsində layihələrin effektiv icrası, ayrılmış qrant vəsaitindən məqsədyönlü istifadə, eləcə də paytaxt və regionlardan daha çox gənclər kütləsinin əhatə olunması ilə bağlı müzakirələr aparılıb. Fondun müvafiq şöbələri tərəfindən qaliblərə qrant müqavilələrinin bağlanması prosesi, maliyyə və təsviri hesabatların təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib və sonda qalibləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının qərarına əsasən 39 gənclər təşkilatının və 86 gəncin təqdim etdiyi layihə təklifləri maliyyələşdirmə üçün məqsədəuyğun hesab edilib.