Mərkəzi Nəbatat Bağının 7 yaşlı uşağı ilan sancması ilə bağlı AÇIQLAMASI
Mərkəzi Nəbatat Bağında istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür.
“TV1” report.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat Bağının azyaşlını ilan vurması ilə bağlı məsələyə münasibətində deyilir.
“Bağda təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirilir. Bu səbəbdən Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar”.
Bağın rəhbərliyi sakinlərdən və şəhərin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edib.
Xatırladaq ki, Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə.Heydərovu ilan sancıb. Hadisə dünən baş verib. Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: “Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.