Mikrosahibkarlıq subyektlərinin iqtisadi rayonlar üzrə bölgüsü açıqlanıb
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 178 min 61 mikrosahibkarlıq subyekti fəaliyyət göstərir.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, mikrosahibkarlıq subyektlərinin sayı əvvəlki illə müqayisədə 11 min 171 ədəd və ya 6,7% çoxdur. Belə ki, 2024-cü ilin ilkin məlumatlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 166 890 ədəd olub.
Hesabat dövründə ən çox mikrosahibkarlıq subyekti Bakı şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki mikrosahibkarlıq subyektlərinin sayı 122 min 269 ədəd olub. Siyahının ikinci yerində Abşeron-Xızı iqtisadi rayonu (12 min 178 mikrosahibkarlıq subyekti), üçüncü yerində isə Lənkəran-Astara iqtisadi rayonu (6 min 574 mikro sahibkarlıq subyekti) yer alıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 1 538, Dağlıq Şirvan iqtisadi rayonunda 1 826, Gəncə-Daşkəsən iqtisadi rayonunda 4 min 380, Qarabağ iqtisadi rayonunda 3 min 984, Qazax-Tovuz iqtisadi rayonunda 3 min 56, Quba-Xaçmaz iqtisadi rayonunda 3 min 908, Mərkəzi Aran iqtisadi rayonunda 4 min 120, Mil-Muğan iqtisadi rayonunda 4 min 826, Şəki-Zaqatala iqtisadi rayonunda 4 min 475, Şərqi Zəngəzur iqtisadi rayonunda 882, Şirvan-Salyan iqtisadi rayonunda 4 min 45 mikrosahibkarlıq subyekti fəaliyyət göstərib.
Qeyd edək ki, mikrosahibkarlıq subyektlərinin 11 min 829-u kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 10 min 850-i emal sənayesində, 16 438-i tikinti, 62 min 278-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 min 830-u peşə, elmi və texniki fəaliyyət, 10 986-ü ünzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində fəaliyyət göstərir. Ən az mikrosahibkarlıq subyektləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində fəaliyyət göstərir. Bu sahədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 191 olub.