Nepalda parlament binası yandırıldı - Baş nazir istefa verdi/VİDEO
Nepalda etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.
“TV1” xəbər verir ki, bu barədə məlumatı “NDTV” telekanalı yayıb.
Telekanalda, eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdən etirazçıların Paudelin evini dağıtdığını görmək mümkündür.
Bundan əvvəl isə aksiya iştirakçıları paytaxt Katmanduda bir neçə siyasətçinin iqamətgahını da yandırıblar.
Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.
Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.
“The Himalayan Times” qəzetinin məlumatına görə, ölkədə kütləvi iğtişaşlar zamanı 500-dən çox insan xəsarət alıb.
Qəzet həmçinin yazıb ki, etirazçılar parlament binasına hücum edib və binanı yandırıblar.
14:03 —————————————————————————————————————————————-
Nepalın Baş naziri Khadqa Prasad Şarma Oli son günlərdə ölkəni bürüyən korrupsiyaya qarşı irimiqyaslı etirazlardan sonra istefa verdiyini elan edib.
“TV1” xəbər verir ki, bu barədə Nepal mediası məlumat yayıb.
Bildirilib ki, o, Prezident Ram Çandra Paudelə ünvanladığı məktubda fövqəladə vəziyyətin mövcudluğunu etiraf edib və siyasi həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
İstefaya səbəb korrupsiyaya, azadlıqların məhdudlaşdırılmasına və polis repressiyalarına qarşı keçirilən kütləvi nümayişlərdir.
Federal Parlament binası və Katmandudakı digər obyektlərin qarşısında keçirilən aksiyalar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə 19 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.
Katmandu vadisində komendant saatının tətbiq edilməsinə və təhlükəsizlik qüvvələrinin olmasına baxmayaraq, etirazlar davam edir.