Qırğızıstan və Özbəkistan liderləri müttəfiqlik müqaviləsi imzalayıblar
Qırğızıstan və Özbəkistan liderləri müttəfiqlik müqaviləsi imzalayıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstana dövlət səfərinin ən əhəmiyyətli nəticələrindən biri Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması olub.
“TV1” xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana səfəri çərçivəsində qırğız həmkarı Sadır Japarov ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.
Prezident Sadır Japarovun sözlərinə görə, bu sənəd iki ölkənin təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq arenada bir-birinə dəstək verilməsi və Qırğız və Özbək xalqları üçün layiqli gələcəyin qurulması istiqamətindəki siyasi öhdəliyini təsdiqlədi.
Əldə olunmuş razılaşmaların həyata keçirilməsi mexanizmi Qırğızıstan və Özbəkistanın Ali Dövlətlərarası Şurası olacaq (oxşar qurum 2007-ci ildən bəri Qırğızıstan və Qazaxıstan arasında fəaliyyət göstərir – red.).
Çolpon-Ata şəhərindəki “Ruh Ordo” Mədəniyyət Mərkəzində dövlət başçılarının məhdud tərkibdə və nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub.
İki lider Özbəkistan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etdirilməsi perspektivlərini, hərtərəfli strateji tərəfdaşlığı və prioritet sahələrdə praktik əməkdaşlığın genişləndirilməsini ətraflı müzakirə ediblər.
Dövlət başçıları Özbəkistan-Qırğızıstan münasibətlərinin tarixin ən yüksək zirvəsində olduğunu vurğulayıblar. Son illər ticarət dövriyyəsinin həcmi təxminən 10 dəfə artaraq ötən ilin sonunda 1,2 milyard dollara çatıb, 450 birgə müəssisə yaradılıb, əməkdaşlıq layihələrini dəstəkləyən İnkişaf Fondu uğurla fəaliyyət göstərir.
Bundan başqa, BMT, ŞƏT, Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü və digər çoxtərəfli platformalar da daxil olmaqla beynəlxalq və regional strukturlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edilib.








