Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəlib - YENİLƏNİB/VİDEO
Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib.
“TV1” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib.
Təhlükəsizlik mənbələri bildiriblər ki, bundan əvvəl Pakistan ordusu Əfqanıstanın Qəndəhar əyalətində Talibanın əsas dayaq məntəqələrinə dəqiq zərbələr endirib.
Bildirilir ki, hədəf zərbələri Talibanın 4 saylı batalyonunu və 6 saylı sərhəd briqadasını məhv edib, onlarla əfqan və əcnəbi döyüşçü həlak olub.
16:30
Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə dörd zərbə endirib.
“TV1” xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın “Amaaj News” agentliyi yayıb.
Bildirilib ki, zərbələr pilotsuz uçuş aparatları ilə endirilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Xatırladaq ki, bu gün Əfqanıstan və Pakistan sərhədində döyüşlər başlayıb.