Proses başladı: Xocalıda kənd sakinlərinə əkin təyinatlı torpaqlar icarəyə verilir

media-ads_728_90

Xocalı şəhərinin Ballıca kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlanıb.

“TV1” xəbər verir ki, bu barədə Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat verilib.

Bildirilib ki, sakinlərin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi maarifləndirici təlimlər keçirib, onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib:

“Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub. Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib. Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək”.

Məlumata əsasən, bu günədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib:

“Uzun illərin həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər”.

 

media-ads_728_90
Paylaş