Qanunsuz saxlanılan 4181 ədəd odlu silah AŞKARLANIB
Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edir.
“TV1” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər. Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.