"Qarabağ" 70 min manatdan çox cərimələnib - Marko Yankoviçə 8 oyunluq cəza verilib
“Qarabağ” klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb.
“TV1” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Ağdam təmsilçisi isə 70000 manatdan çox cərimələnib.
Buna Ağdam təmsilçisinin “Sabah”a uduzduğu (1:2) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda yaşananlar səbəb olub.
Qarşılaşma bitdikdən sonra “köhlən atlar”ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alıb. Monteneqrolu yarımmüdafiəçi dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hədə-qorxu gəldiyinə görə 8 oyuna buraxılmayacaq.
“Qarabağ” isə oyunçunun bu hərəkəti ucbatından 25500 manat ödəyəcək.
Ağdam klubunun qapıçısı Mateuş Koxalski birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.
Həmin görüşdə “Qarabağ” azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb. Fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 7000 manat ödəniləcək. Həmin tərəfdarlar kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər. Bu səbəbdən klub 8000 manatından keçəcək. Görüşün keçirildiyi stadiona zərər vurulub və dağıntı törədilib. Ağdam təmsilçisi buna görə 5000 manat cərimə olunub və 70 ədəd oturacağa dəymiş ziyanı qarşılayacaq.
“Köhlən atlar”ın məşqçisi Hüseyn Seyidov hakimə fikizi təzyiq göstərməyə çalışıb və onu təhqir edib. H.Seyidov 6 matçlıq cəzalanıb, klub 18000 manat cərimə olunub. “Qarabağ”ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq görməyə cəhd edib. O, 5 oyunluq cəzaya məruz qalıb, klub isə 8000 manat ziyana düşüb.
“Sabah” klubu da sözügedən qarşılaşmada yaşananlara görə cərimə olunub. Masazır təmsilçisi beş nəfər sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin meydana kənar aşyalar atması ucbatından 2000 manat, meydana kənar şəxs daxil olmasına görə 6500 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 3000 manat ödəməli olacaq.








