Qazaxıstanın yeni inkişaf formulu
23 iyun 2026-cı il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən “Qazaxıstan – Avropa İttifaqı” biznes dəyirmi masasında çıxış edən Kasım-Jomart Tokayev ölkəsinin strateji mineral ehtiyatlarının və enerji resurslarının gələcək istifadəsi ilə bağlı mühüm mesajlar səsləndirib. Tədbirdə Avropa ölkələrinin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Prezident Tokayev bildirib ki, Qazaxıstan Avropa İttifaqının kritik əhəmiyyətli xammal siyahısına daxil etdiyi 34 mineralın 21-ni təmin etmək imkanına malikdir. Onun sözlərinə görə, ölkə bu sahədə əməkdaşlığı sadəcə xammal ixracı üzərində deyil ; investisiya, texnologiya transferi və yerli emal sənayesinin inkişafı əsasında qurmaq niyyətindədir.
Qazaxıstan rəhbərinin səsləndirdiyi fikirlərdən aydın görünür ki, Astana özünün zəngin təbii sərvətlərini xarici tərəfdaşlara, xüsusilə Avropa ölkələrinə sadəcə satmaq və ya ucuz xammal mənbəyi kimi təqdim etmək niyyətində deyil. Əksinə, rəsmi Astana strateji resurslara çıxış müqabilində müasir texnologiyalar, qabaqcıl istehsal təcrübəsi və iri həcmli investisiyalar cəlb etməyi hədəfləyir. Bu isə ölkənin iqtisadi inkişafına daha böyük gəlirlər qazandırmaqla yanaşı, sənayeləşmə prosesini sürətləndirməyə xidmət edir.
Tokayevin təklif etdiyi model mahiyyət etibarilə “xammalın texnologiyaya və investisiyaya dəyişdirilməsi” prinsipinə əsaslanır. Belə yanaşma Qazaxıstanın yalnız faydalı qazıntı ixrac edən ölkə deyil ; həm də yüksək əlavə dəyər yaradan sənaye məhsulları istehsal edən dövlətə çevrilməsinə imkan verə bilər.
Prezident çıxışında vurğulayıb ki, Qazaxıstan dünyanın ən böyük uran istehsalçılarından biridir və qlobal tələbatın təxminən 40 faizini təmin edir. Bununla yanaşı, ölkə yaşıl hidrogen istehsalı layihələrini inkişaf etdirir, həmçinin litium, nikel, vanadium və kobalt kimi gələcəyin texnologiyalarında mühüm rol oynayan qiymətli mineralların böyük ehtiyatlarına malikdir.
Tokayev həmçinin qeyd edib ki, Qazaxıstan Avropa üçün etibarlı enerji tərəfdaşı olaraq qalır. Hazırda Avropa bazarına ixrac olunan xam neftin təxminən 13 faizi Qazaxıstanın payına düşür. Bu fakt ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha nümayiş etdirir.
Müasir geosiyasi və geoiqtisadi şəraitdə kritik minerallar uğrunda rəqabətin gücləndiyi bir dövrdə Tokayevin irəli sürdüyü bu yanaşma Qazaxıstanın milli maraqlarını qorumağa yönəlmiş uzaqgörən iqtisadi strategiya kimi qiymətləndirilə bilər. Bu strategiyanın əsas məqsədi ölkənin zəngin təbii ehtiyatlarından maksimum səmərə əldə etmək ; xarici investisiyaları cəlb etmək və Qazaxıstanı yüksək texnologiyalı istehsal mərkəzlərindən birinə çevirməkdir. Qazaxıstan rəhbərliyi təbii sərvətlərin sadə ixracından daha çox, həmin sərvətlərin ölkənin uzunmüddətli inkişafına xidmət edən iqtisadi kapitala çevrilməsini hədəfləyir.
Qəvami Sadıqbəyli








