Qəzzada yeni humanitar zona YARADILDI
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərində yeni humanitar zonanın yaradıldığını elan edib.
“TV1” xəbər verir ki, “The Times of Israel”in yaydığı məlumata görə, burada səhra xəstəxanaları, su təchizatı sistemləri və su şirinləşdirmə qurğuları yerləşəcək, həmçinin ərzaq, dərman və çadırlarla təchizat təmin ediləcək.
Yardımın koordinasiyası BMT və beynəlxalq təşkilatlarla birgə həyata keçiriləcək.
Eyni zamanda, İsrail qüvvələri Qəzza şəhərində HAMAS-ın qalan mövqelərini nəzarətə götürmək məqsədilə Qəzza zolağının şimalında hücumu genişləndirməyə davam edir. Şəhər sakinlərinə cənuba təxliyə olunmaları tövsiyə edilir.
Bu elan BMT-nin Ümumdünya Ərzaq Proqramının Qəzza zolağının humanitar fəlakətin “astanasında” olması barədə xəbərdarlığı fonunda verilib. İsrail hökuməti hərbi əməliyyatlarla paralel olaraq cənubda humanitar dəstək infrastrukturunu gücləndirdiyini bildirir.