Qobustan Günəş Elektrik Stansiyası gələn il istismara veriləcək

media-ads_728_90

Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı hədəfləyib. Bu istiqamətdə intensiv işlərimiz davam edir və əsas strateji tərəfdaş partnyorlarımızdan biri “Masdar” şirkətidir. Əgər proseslər bizim planlaşdırdığımız sürətlə davam etsə, biz artıq 30 faiz gözləntisinə daha tez – 2027-ci ilin sonuna qədər nail ola biləcəyik.

“TV1” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimində deyib.

O xatırladıb ki, 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi “Universal International Holdings Limited” şirkəti olub və bu stansiyanın tikintisi üzrə də çox intensiv şəkildə işlər planlaşdırılır ki, növbəti ildə stansiya istismara verilsin.

“Həmçinin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Abşeron tərəfi artıq tam şəkildə bütün testlərdən uğurla keçib. Xızıda da ayın sonuna qədər bu məsələ tam yekunlaşacaq və stansiya istismara verilmək üçün hazır vəziyyətə gələcək. “Masdar” şirkəti ilə biz meqalayihə çərçivəsində 1 giqavatlıq müqavilələrə imza atmışıq. Bu gün 445 meqavatlıq Biləsuvardakı Günəş Elektrik Stansiyası çox vacib layihələrdən biridir. İşğaldan azad olunmuş ərazilərdə bizim bir neçə layihələrimiz var. O cümlədən, bp şirkətinin 240 meqavatlıq Günəş Elektrik Stansiyası ərazisində artıq bütün mobilizasiya işləri başa çatıb və tikinti işlərinə start verilib”, – deyə o qeyd edib.

C.Abdullayev əlavə edib ki, qeyd olunan layihələr Azərbaycan iqtisadiyyatına çox ciddi və önəmli töhfə verəcək: ““SOCAR Green” də bu layihələrin tərəfdaşıdır. İstehsal olunacaq elektrik enerjisi qaza qənaət etməyə imkan verəcək. Bu layihələrin regionda geniş vüsət alması məşğulluq məsələlərinə də təsir göstərir. Burada fəaliyyət göstərən əməkdaşların çoxu həmin ərazilərdə yaşayan insanlardır. Bununla paralel təbii ki, sosial məsuliyyət tədbirləri və digər paralel tədbirlər də regionların inkişafına xüsusi töhfə verəcək”.

media-ads_728_90
Paylaş