Qondarma “XİN”in yerində bu bina tikiləcək
Xəbər verdiyimiz kimi, Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
“TV1” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, sözügedən tikilinin yerində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.
Bildirilib ki, Xankəndinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq.
Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə edilməklə inşa olunacaq, ümumi sahəsi təqribən 2000 m² təşkil edəcək.
Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.