Seçkilərin keçirilməsindən məmnun olardım - Ukrayna Prezidenti
“Seçki mövzusunu müzakirə etmək Ukraynaya heç nə vermir. Müharibə zamanı siyasi müzakirələr olmamalıdır”.
“TV1” xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşündə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı vurğulayıb ki, müharibə zamanı seçki mövzusu cəmiyyəti parçalamamalıdır: “Seçkilər artıq keçirilsəydi, məmnun olardım. Bu mövzuya yekun vurum, çünki o, dava-dalaş, siyasi çağırışlar, plakatlar və sairə məsələlərdən başqa heç nəyi əhatə etmir”.
V.Zelenski vurğulayıb ki, onun əsas prioriteti daxili siyasi müzakirələr deyil, müharibəyə son qoymaqdır. “Əsas olan odur ki, mənə müharibəni bitirmək imkanı versinlər və ondan əvvəl dövləti parçalamasınlar. Bu, arzu edənlərin hamısına yeganə xahişimdir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Xatırladaq ki, Razumkov Mərkəzinin 2025-ci ilin mart ayına olan sorğu məlumatları göstərir ki, ukraynalıların yalnız 22%-i müharibə bitməmiş prezident və ya parlament seçkilərinin keçirilməsinə müsbət yanaşır. Respondentlərin əksəriyyəti (66%) buna mənfi münasibət bəsləyir.
Sorğu məlumatları göstərir ki, Zelenski ukraynalılar arasında yüksək dəstəyini qoruyub saxlayır. Lakin onun əsas rəqibi, Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı Valeri Zalujnının reytinqi daha yüksəkdir.