"Səyyar Gənclər Xidməti" Balakəndə - FOTO

media-ads_728_90

“Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlif regionlarında gənclərə dövlətin təqdim etdiyi imkanları daha əlçatan etmək məqsədilə uğurla davam edir. Layihə regionlar üzrə gənclərin ictimai fəallığını artırmaq, dövlət siyasətinə dair biliklərini dərinləşdirmək, həmçinin onların fərdi inkişafına dəstək göstərmək istiqamətində mühüm platforma rolunu oynayır.

“TV1” xəbər verir ki, Balakəndə oktyabrın 6-dan başlanan və 10-dək xidmət göstərəcək layihə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil edilir. Bu deviz layihənin əsas ideyasını – gənclərin dövlət müstəqilliyinə, milli dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda formalaşmasını əks etdirir.

Layihənin Balakəndəki açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək Səyyar Gənclər Xidmətinin region gənclərinə dövlətin yaratdığı imkanları yerindəcə tanıtmaq, onların sosial və şəxsi inkişafa dair biliklərini artırmaq üçün unikal fürsət təqdim etdiyini vurğulayıblar.

Səyyar Gənclər Xidməti çərçivəsində Balakən gənclərinin inkişafına yönəlmiş geniş proqram həyata keçirilib. Təşkil olunan maarifləndirici sessiyalarda gənclərə narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təşviqi, müasir texnologiyaların rolu, innovativ düşüncə və rəqəmsal savadlılıq mövzularında təqdimatlar keçirilib. Eyni zamanda “Karyera planlaması və peşə seçimi”, “Könüllülük fəaliyyəti”, “Süni intellekt dövründə yeni bacarıqlar” və “Motivasiya və liderlik” mövzularında interaktiv təlimlər təşkil edilib. Bu təlimlər gənclərin gələcək peşəyönümlü qərarlarına dəstək olmaqla yanaşı, onların sosial bacarıqlarını da inkişaf etdirməyə xidmət edib.

Bununla yanaşı, Vətən Müharibəsi iştirakçıları ilə görüşlər gənclər tərəfindən xüsusi maraqla qarşılanıb. Gənclər qəhrəman döyüşçülərin xatirələrini dinləyərək Vətənə sədaqətin əsl nümunələri ilə tanış olublar.

“Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı tematik guşələrdə keçirilən intellektual oyunlar, viktorinalar, debat sessiyaları və master-klasslar gənclərin komanda işi, ünsiyyət, yaradıcılıq və analitik düşünmə bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradıb.  Günün sonunda fəallığı ilə seçilən bir qrup gəncə motivasiyaedici hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən və cari ilin 5 avqust tarixində yenidən start verilən “Səyyar Gənclər Xidməti” layihəsi bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax və Zaqatala rayonlarında uğurla reallaşdırılıb.

media-9171d1a0-8316-42e5-a905-86401d445607 media-bbeb4f9b-78bf-4f52-9eec-10bfdeff3fc2 media-ccd096dd-16cf-4424-8a33-91c42c3b178b media-d5ade7b5-1494-41ff-b4e2-0a19f30867a7 media-5f86a2d3-6d97-4969-8551-c454830980f7 media-7ced0c55-bd3e-46ec-a61e-87afc20a5526 media-8dcf02b5-9ae3-431c-ac12-de7f123a5477 media-26ac72ef-dfea-4cf8-8235-5826d7bcb51d media-47bfb288-eb7d-4f3f-a29b-a15080bc499f media-137ad3fc-1f85-4189-b179-fd1ff6f640f3

media-ads_728_90
Paylaş