Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ağdam şəhəri oldu

media-ads_728_90

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif
şəhər, rayon və ucqar kəndlərində uğurla icra edilən “Səyyar Gənclər Xidməti”
layihəsinin 2025-ci il üçün ilk dəfə Cəbrayılda təşkilindən sonra növbəti dayanacağı
Ağdam şəhəri oldu. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə 15
avqust tarixinədək Ağdam gəncləri üçün öz işini davam etdirəcək.
“TV1” xəbər verir ki, Dövlət başçısının elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli”
çərçivəsində həyata keçirilən “Səyyar Gənclər Xidməti”nin əsas missiyası Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Qələbənin və ölkə
suverenliyinin bərpasının gənclər arasında təbliği, ölkəmizdə gənclərin vətənpərvərlik,
dövlətçilik prinsipləri, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması, eyni
zamanda dövlət gənclər siyasətinin təqdim etdiyi imkanların – məşğulluq, innovasiya,
təhsil, sosial layihələr və digər istiqamətlər üzrə təşəbbüslərin region gəncləri üçün
əlçatanlığının təmin edilməsidir.
Səyyar Gənclər Xidmətinin Ağdamdakı açılış mərasiminin rəsmi hissəsi
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı
uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlanıb. Ardınca çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının
müavini Xəqani Nəzərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər
Əliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək layihənin dövlətçilik
dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs
təkcə gənclərin bilik və bacarıqlarının inkişafına deyil, həm də onların sosial aktivliyinin,
milli birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət edir.
Rəsmi hissədən sonra açıq hava şəraitində Müdafiə Nazirliyi, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 9
saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ağdam Dövlət Peşə Təhsil
Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılar üçün maarifləndirici təlimlər keçirilib. Eyni
zamanda, peşəkarların təqdimatında gənclər ixtisas seçimi, karyera planlaması, şəxsi

inkişaf və motivasiya, könüllülük fəaliyyəti, süni intellekt alətlərinin yaratdığı imkanlar,
sağlam və təhlükəsiz həyat mövzularında sessiyalara qatılıblar. Bununla yanaşı,
Suveren gənclər, Rəqəmsal düşüncə, Təhsil və karyera, Vətənpərvər gənclik, Yaradıcı
gənclik və Əyləncə adlı müxtəlif zonalarda gənclərin yaradıcılıq və intellektual
potensialını üzə çıxaran interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, intellektual
oyunlar, viktorinalar və sərgilər təşkil olunub. Komanda əsaslı əyləncələr, stolüstü
oyunlar və digər sosial proqramlar gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm
də qarşılıqlı əlaqələrinin güclənməsinə töhfə verib. Sonda fəallığı ilə seçilən iştirakçılara
mükafatlar təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi,
“Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə
təşkilatçılığı ilə həyata keçirilir. Cari ilin oktyabr ayının sonunadək layihənin ölkənin 15
şəhər və rayonunu, o cümlədən ən ucqar kəndlərini əhatə edərək minlərlə gəncə
çatması planlaşdırılır.

media-ads_728_90
Paylaş