Sosial xidmət müəssisələrində əlilliyi olan 289 uşaq dövlət himayəsində yaşayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrində hazırda 289 uşaq daimi dövlət himayəsində yaşayır.
“TV1” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 200-ü oğlan, 89-u qızdır.
Bundan əlavə, 35 uşaq müəssisələrin yarımstasionar xidmətlərindən yararlanır.
Hər iki müəssisədə sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun 5-18 yaşlı təhsilə cəlb olunmayan əlilliyi olan uşaqların sosial reabilitasiyalarının təşkili məqsədilə stasionar və yarımstasionar (günərzi) formada xidmətlər göstərilir. Xidmətlər uşaqların sosial reabilitasiyasına, gündəlik həyat bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına yönəlib.
Burada sakinlər daimi olaraq yaşamaqla qida, geyim və lazımi tibb xidməti ilə təmin olunublar. Uşaqlar müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmətlərə cəlb edilirlər, onların abilitasiyası və reabilitasiyası həyata keçirilir.
Uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fiziki tərbiyəsi və sair istiqamətlərdə də işlər aparılır.