Suriya-İsrail təhlükəsizlik sazişinin YENİ DETALLARI
İsrail Türkiyənin Suriya ordusunu bərpa etməsinə qarşıdır, həmçinin Suriya ərazisində raketlər və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla strateji silahların yerləşdirilməsinin məhdudlaşdırılmasını tələb edir.
“TV1” xəbər verir ki, məlumatı “Al Arabiya” yayıb.
Bildirilir ki, bu barədə İsrailin 12-ci kanalına Suriya və İsrail arasında hazırlanan təhlükəsizlik sazişinin yeni detallarını açıqlayan mənbələr bildiriblər.
Mənbələr qeyd ediblər ki, Tel-Əvivin fikrincə, bu addım İsrail hərbi hava qüvvələrinin regionda hərəkət azadlığını və hava üstünlüyünü qorumağa imkan verəcək.
Sazişə həmçinin Suveyda vilayətindəki Cəbəl əd-Druz bölgəsində druz icmasına dəstək üçün humanitar dəhlizin yaradılması ilə bağlı müddəa daxil edilib. Bundan əlavə, sənəd vəziyyətin sabitləşdirilməsi və İranın təsirinin məhdudlaşdırılması məqsədilə ABŞ və ərəb ölkələrinin dəstəyi ilə Suriyanın bərpasına beynəlxalq yardımın göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, Suriyanın müvəqqəti hökumətinin Prezidenti Əhməd Əş-Şəraa vurğulayıb ki, saziş 1974-cü ildəki ayırma xəttinə əsaslanmalıdır.