Sus kənd məktəbində ilk məzunlar tələbə adını qazanıblar - 33 ildən sonra
İşğaldan azad olunan Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin 33 ildən sonra ilk məzunlarının hər biri tələbə adını qazanıb.
“TV1” xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən verilən məlumata görə, 2024-2025-ci tədris ilinin sentyabrında fəaliyyətə başlayan Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.
Muradlı Pəri Fuad Qızı III ixtisas qrupu üzrə 442 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Alman dili üzrə xarici dil müəllimliyi fakültəsinə qəbul olub. O deyib: “Ata-baba yurdumuzda illər sonra ilk məzun və ilk tələbə olmaq çox qürurvericidir, sevincimin həddi-hüdudu yoxdur. Ali təhsilimi bitirdikdən sonra doğma yurdumda müəllim işləməyi arzulayıram. İstəyirəm ki, şagirdlərin xarici dil öyrənmələrində mənim də töhfəm olsun”.
Atakişiyevə Ayşən Xəqani qızı isə III ixtisas qrupu üzrə 447 bal toplayaraq Azərbaycan Pedaqoji Universitetinin ingilis dili üzrə Xarici dil müəllimliyi fakültəsinin tələbəsi adını qazanıb. “Kəndimizə qayıdanda düşünürdüm ki, ən böyük arzum gerçəkləşib, Sus kəndində ata- baba yurdumda yaşayacağam. Sonra isə kəndimizin ilk məzunlarından biri olmaq üçün çalışdım. Bu arzumu da gerçəkləşdirdim” – deyən A.Atakişiyeva da gələcəkdə Sus məktəbində işləməyi qarşısına hədəf qoyub.
III ixtisas qrupu üzrə 407 bal toplayan məktəbin digər şagirdi Muradzadə Nihat Oqtay oğlu isə təhsilini Bakı Slavyan Universitetinin Azərbaycan-alman dili üzrə tərcümə fakültəsində davam etdirəcək. O, buna görə çox sevindiyini bildirib. “Haqqında valideynlərimizdən eşitdiyimiz və illər boyu həsrətində olduğum ata-baba yurduma qayıtmaq qədər, burada ilk məzunlardan biri olmaq da çox gözəl hissdir. Bu günü unutmayacağam”, – deyə o əlavə edib.