TPAO uzun illərdir SOCAR ilə əməkdaşlıq edir - Ahmet Türkoğlu
“Biz artıq uzun illərdir ki, Azərbaycanda SOCAR ilə ardıcıl əməkdaşlıq edirik”.
“TV1” xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Neft Şirkətinin (TPAO) İdarə Heyətinin sədri Ahmet Türkoğlu məlumat verib.
“SOCAR ən böyük xarici sərmayədarlardan biri olduğu Türkiyəyə əhəmiyyətli investisiyalar yatırıb. Öz növbəsində, Türkiyə də Azərbaycana 14-15 milyard dollardan çox sərmayə qoyub. SOCAR ilə tərəfdaşlığımızı haqlı olaraq dünya miqyasında ən uğurlu əməkdaşlıqlardan biri adlandırmaq olar və biz səmimi olaraq bununla qürur duyuruq”, – deyə TPAO-nun rəhbəri bildirib.
O qeyd edib ki, bu yaxınlarda SOCAR, BP və TPAO arasında “Şəfəq-Asiman” yatağı üzrə üçtərəfli saziş imzalanıb.
A.Türkoğlu əlavə edib: “Biz bu əməkdaşlıqdan əhəmiyyətli nəticələr gözləyirik. Azərbaycanda olmaq bizim üçün məmnunluq və qürur mənbəyidir. Bundan başqa, perspektivli yataqlara da yeni sərmayələr qoymağa hazırıq”.