Daha 125 tələbə xaricdə dövlət hesabına oxuyacaq
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub.
“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Müsabiqənin nəticələrinə əsasən, 125 nəfər namizəd bakalavriat, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olaraq proqram iştirakçısı adını qazanıb.
Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu ali təhsil müəssisələri sırasında “Stanford University”, “University of California, Berkeley”, “National University of Singapore”, “ETH Zurich”, “University of Cambridge”, “University of Oxford”, University of Hong Kong”, “Istanbul Technical University”, “Seoul National University” kimi nüfuzlu ali təhsil müəssisələrinin adı var.
Amma Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə edib, müsabiqə mərhələsindən keçməyən namizədlər də şanslarını hələ itirməyiblər. Belə ki, 2025/2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən proqramdan müxtəlif səbəbdən imtina edənlər olarsa, adları ehtiyat siyahısıda olanlar növbəti Dövlət Proqramının seçimində iştirak edə bilərlər.
Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsi üzrə ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlərlə növbəti mərhələ olaraq müsahibələr keçirilməkdədir. Müvafiq təhsil səviyyəsi üzrə nəticələrin açıqlanması növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.