Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb - YENİLƏNİB
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb.
“Report” Qarabağ bürosu xəbər verir ki, bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Təzəbinə kəninə köçürülən ailələrin sayı 56-ya (251 nəfər), Ballıcaya köçürülən ailələrin sayı isə 215-ə (965 nəfər) çatacaq.
12:33
İşğaldan azad olunmuş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Oktyabrın 10-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə yola salınıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə – 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə – 126 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.