Yazıçı Vidadi Babanlı vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, “Şərəf” ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib.
“TV1” xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri vəzifələrində çalışıb. C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, “Yazıçı” nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində işıq üzü görən “Anam sən oldun” şeiridir. V.Babanlı “Qazax” Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.