Zəngəzur dəhlizi üzərindən enerji və logistika axını Türkiyəyə yönələcək - RƏSMİ
“Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq”.
“TV1” xəbər verir ki, bunu Türkiyənin ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya Qaz Boru Kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə ötürülür.
“Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və logistik imkanlar da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq”, – deyə o qeyd edib.
A.Bayraktar əlavə edib ki, Azərbaycanın təbii sərvətlərinin – neft, qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr paralel şəkildə və koordinasiyalı formada icra olunur:
“Bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. İndiyədək həyata keçirilən əsas layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini və Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb və avqustun 2-dən qaz ixracına başlanılıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.