Milli-mədəni irsi qorumaq hər birimizin mənəvi borcudur

media-ads_728_90

Şuşaya səfər edən bəzi turistlərin şəhərdəki qaya daşlarının üzərinə müxtəlif adlar və yazılar həkk etməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Təəssüf ki, tarixi və mədəni irs nümunələrinə münasibətdə məsuliyyətsiz davranış hallarına hələ də rast gəlirik.

Narazılığın kökündə tariximizə, qan yaddaşımıza, şəhidlərimizin qanı bahasına azad olunan torpaqlarımıza münasibətə olan “münasibətsizlik” dayanır. Məsələyə daha geniş aspektdən baxsaq, deməliyik ki, millətin dəyərlərinə toxunmaq, onun milli irsinin müqəddəs hesab olunan, mənəvi baxımdan həssas olan abidələrinin qiymətinin yüksək tutulması hər zaman öz aktuallığını qoruyub saxlayır. Əks hada, bax belə narazılıqlar yaranır, cəmiyyət öz haqlı etirazını ortaya qoyur.

Sözügedən hadisənin işğaldan azad olunan Qarabağ topağında – Şuşada yaşanması məsələyə daha həssas yanaşma tələb edir. Çünki o torpaqların bu gün azad nəfəs alması, çiçəklənməsi üçün neçə-neçə qəhrəmanımız, igid oğullarımız canlarından keçib.

Şuşa Azərbaycanın tarixini, mədəniyyətini və qəhrəmanlıq salnaməsini özündə yaşadan şəhərdir. Bu şəhərin hər qarışında tariximiz yaşayır. Vətən müharibəsindən sonra Şuşada, eləcə də digər azad olunmuş ərazilərimizdə qorunub saxlanılan müharibənin izləri, dağıntılar dözlətimizin ərazi bütövlüyünün bərpası uğrundakı mübarizənin canlı şahididir. Bu, gələcək nəsillər üçün tarixi yaddaşdır.

Qayaların, daşların üzərinə adların, müxtəlif yazıların həkk edilməsi xatirə və ya vətənpərvərlik kimi qiymətləndirilə bilməz. Bu cür hərəkətlər tarixi məkanın görünüşünə xələl gətirir, milli irsə qarşı məsuliyyətsiz münasibət formalaşdırır.

Şəhidlərin xatirəsi Azərbaycan cəmiyyəti üçün müqəddəsdir. Onların adlarının əbədiləşdirilməsi dövlət səviyyəsində həyata keçirilir. Bu gün ölkəmizdə şəhidlərin adlarına parklar, xiyabanlar salınır, abidələr, memorial komplekslər və xatirə guşələri yaradılır. Peşəkar memarlıq və sənətkarlıq yanaşması ilə ərsəyə gətirilən bu məkanların hər biri şəhidlərin xatirəsinin ləyaqətlə yaşadılmasına xidmət edir. Bu baxımdan şəhidlərin adını daşlara, divarlara və digər yerlərə yazmaqla onların xatirəsini yaşatdığımızı düşünmək heç də uyğun mövqe deyil. Gerçək ehtiram şəhidlərin uğrunda canlarından keçdikləri torpaqları, həmin ərazilərin təbii və tarixi görkəmini qoruyub saxlamaqdır. Xüsusilə hər daşı tarix olan Şuşa kimi şəhərdə bu məsuliyyət daha böyükdür.

İctimai və tarixi məkanlara yazı yazılması ilk belə hadisə deyil və belə hallar həm rəsmi qurumlar, həm də yerli ictimaiyyət tərəfindən daim sərt şəkildə qınanılır. Bir müddət əvvəl Nizami Kino Mərkəzinin binasının fasadının yazılarla çirkləndirilməsi vandalizm kimi qiymətləndirildi və aidiyyəti şəxslər barəsində hüquqi tədbirlər görüldü. Bu nümunə göstərir ki, ictimai və mədəni əhəmiyyət daşıyan obyektlərin qorunması yalnız həmin binaya cavabdeh qurumun deyil, bütün cəmiyyətin məsuliyyətidir.

Qraffiti və qanunsuz yazılar dünyanın bir çox şəhərlərində də ciddi problem hesab olunur. Xüsusilə tarixi memarlığı ilə seçilən Avropa şəhərlərində qədim binaların, abidələrin və daş səthlərin üzərinə yazılan yazıların təmizlənməsi üçün böyük maliyyə vəsaiti tələb olunur. Bəzi hallarda isə tarixi abidənin və ya daşın üzərinə həkk olunmuş yazını tamamilə silmək mümkün olmur. Təmizləmə zamanı tətbiq olunan mexaniki və kimyəvi üsulların özü də abidənin tarixi strukturuna zərər vura bilər.

Belə halların qarşısı vaxtında alınmadıqda tarixi məkanlar ilkin görünüşünü itirər və mədəni irsin autentikliyinə xələl gələ bilər. Məhz bu baxımdan belə hallarla yarandıqda qarşısı alınmalıdır.

Azərbaycanın digər tarixi qoruqları da eyni həssas münasibəti tələb edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Şuşa Şəhəri Dövlət Qoruğu və qorunan digər tarixi məkanlar xalqımızın çoxəsrlik tarixinin mirasıdır. Bu ərazilərdə qorunan abidələr, tikililər, qayaüstü təsvirlər, küçələr və digər tarixi elementlər yalnız bu günün deyil, gələcək nəsillərin də sərvətidir.

Dövlət tərəfindən tarixi abidələrin bərpasına, qoruqların mühafizəsinə, şəhərlərin tarixi simasının qorunmasına böyük resurslar yönəldilir. Lakin ən müasir mühafizə sistemi belə insanların məsuliyyətli davranışı olmadan tam səmərə verə bilməz.

Şəhidlərin xatirəsinə ən böyük ehtiram isə onların uğrunda canlarından keçdikləri Vətən torpaqlarının hər daşını, hər abidəsini qorumaqdır. Bu, tarixi abidələrimizə, təbiətimizə, şəhərlərimizə, maddi və mədəni irsimizə hörmət və etimadın ən bariz nümunəsi ola bilər.

Mətanət Əliyeva

media-ads_728_90
Paylaş