ABŞ və İran arasında nüvə danışıqlarının təfərrüatları AÇIQLANDI
ABŞ hərbi əməliyyat başlamazdan əvvəl İranla aparılan danışıqlar zamanı ona pulsuz nüvə yanacağı təchizatı müqabilində uranın zənginləşdirilməsindən 10 il müddətinə imtina etməyi təklif edib.
“TV1” xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz onlarla uranın hər hansı zənginləşdirilməsindən 10 il müddətinə imtina edilməsini müzakirə etdik və yanacağın haqqını ödəyəcəyimizi dedik. Onlar imtina etdilər”, – deyə S.Uitkoff deyib.
Uitkoffun sözlərinə görə, İranın danışıqlar qrupu səsləndirdikləri mövqenin sövdələşmənin bağlanması üçün “başlanğıc nöqtəsi” olacağını bəyan ediblər:
“İran nümayəndələri bizə sahib olduqları bütün nüvə yanacağını zənginləşdirmək üçün hüquqlarının olduğunu söylədilər. Onlar danışıqlarına məhz bununla başladılar. Biz də onlara bildirdik ki, ABŞ prezidenti hesab edir ki, sizi dayandırmaq üçün bizim hüququmuz var”.
O həmçinin əlavə edib ki, İran komandası ilə ikinci görüşdən sonra Vaşinqton və Tehranın saziş bağlaya bilməyəcəyi bəlli olub.
“Biz onlarla ədalətli saziş bağlamağa çalışdıq. İkinci görüşün sonuna yaxın bunun mümkünsüzlüyü tamamilə aydın oldu. Lakin biz onlara daha bir şans vermək üçün üçüncü görüşə gəldik”, – deyə S.Uitkoff fikrini tamamlayıb.








