Köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

media-ads_728_90

Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub.

“TV1” xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib.

Onun sözlərinə görə, Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub, su, qaz, işıq və internet xidmətləri aktivdir:

“Bu infrastruktur təminatı köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür. Sakinlərin işlə təminatına da köməklik göstəriləcək”.

Kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 (566 nəfər) olub.

12:08  ———————————————————————————————————————————-

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

“TV1” xəbər verir ki, yolasalma Tərtər rayonu Bayraq meydanından olub.

Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

media-ads_728_90
Paylaş