Akademik Fərəməz Maqsudovun 95 illiyi qeyd olunub - FOTO
Aprelin 30-da görkəmli riyaziyyatçı-alim və elm təşkilatçısı, akademik Fərəməz Maqsudovun 95 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
“TV1” xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Fərəməz Maqsudovun elmi fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, alimin elmi tədqiqatları riyaziyyat və mexanikanın bir sıra sahələrini əhatə edir. O, spektrində kəsilməz komponent olan operatorlar dəstəsinin geniş sinfi üçün spektral nəzəriyyənin banisidir. Həmçinin spektral analizin tərs məsələlərinin tədqiqi sahəsində çoxsaylı mühüm nəticələrin müəllifidir.
Sonra Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev və digər çıxış edənlər Azərbaycan riyaziyyat elminin inkişafında akademik Fərəməz Maqsudovun rolundan danışıblar.